Bakıda dövlət orqanlarının məlumat bazalarına edilən genişmiqyaslı kibercinayətlə bağlı iş üzrə məhkəmə prosesi başlayıb.
Daylinews-az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) kibercinayətlə bağlı araşdırmanı başa çatdırıb. Cinayətkarlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin (e-health.gov.az) və Elm və Təhsil Nazirliyinin (miq.edu.az) portallarına hücum edərək şəxsi məlumatları ələ keçiriblər.
İstintaqın nəticələrinə əsasən, cinayət işinin materialları ittiham aktı ilə birgə məhkəməyə göndərilib. 22 noyabr 2024-cü ildə Bakının Xəzər Rayon Məhkəməsində ilkin dinləmə keçirilib.
Təqsirləndirilən şəxslər Cavid İlxar oğlu Dünyamalıyev və Cəlil Hüseyn oğlu Cəlilovdur. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2 maddələrinə əsasən ittiham olunurlar.
İstintaq zamanı məlum olub ki, cinayətkarlar kiberhücumlar vasitəsilə dövlət məlumat bazalarını ələ keçirərək şəxsi məlumatları öz serverlərində saxlayıblar. Daha sonra məlumatları anonim Telegram kanalları və digər sosial şəbəkələr vasitəsilə satmağa cəhd ediblər. Onlar istənilən vətəndaşın, hətta yüksək vəzifəli şəxslərin məlumatlarını təqdim edə biləcəklərini bildiriblər.
Cinayətkarlar ifşa edildikdən sonra oğurlanmış məlumatlara giriş bloklanıb və qanunsuz toplanmış məlumatlar müsadirə edilib.
Növbəti məhkəmə iclası 13 dekabr 2024-cü il tarixinə təyin edilib.