Əgər siz artritdən əziyyət çəkirsinizsə, yəqin ki, internetdə və ya sosial şəbəkələrdə “nə yemək olar, nədən uzaq durmaq lazımdır” kimi sualların cavabını axtarmısınız.
Həqiqətən, bəzi məhsullar iltihabı azalda bilər. Amma təəssüf ki, bu mövzuda çoxlu elmi əsası olmayan miflər dolaşır. Nəticədə insanlar bəzən orqanizm üçün faydalı qidaları təhlükəli sayaraq menyudan çıxarırlar.
Bu məsələni aydınlaşdırmaq üçün dietoloqlar səhvən “zərərli” hesab olunan, əslində isə artrit simptomlarını azalda biləcək 5 qidanı araşdırıblar.
1. Konservləşdirilmiş balıq
Konservdə olan yağlı balıqlar — məsələn, losos, skumbriya, sardina, ançous, siyənək — DHA və EPA adlı omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr iltihabın qarşısını alır və revmatik artrit zamanı xüsusilə faydalıdır. Kaliforniyadan olan dietoloq Dastin Murun sözlərinə görə, iltihab artritin əsas simptomudur və omega-3-lər bu problemdə vacib rol oynayır.
2. Süd məhsulları
Süd və süd məhsulları çox zaman əsassız şəkildə iltihabı artıran məhsul kimi göstərilir. Dietoloq Sara Uilyams qeyd edir ki, əslində, süd, qatıq, kəsmik və s. məhsullar kalsium və D vitamini mənbəyidir — bu da oynaqların və sümüklərin sağlamlığı üçün vacibdir. Son araşdırmalar süd və iltihab arasında əlaqə tapmayıb. Əgər laktoza dözümsüzlüyünüz yoxdursa, bu məhsulları rasiondan çıxarmağa ehtiyac yoxdur. Xüsusilə qatıq faydalıdır — o, iltihabi markerləri azaldır.
3. Kartof
Kartof və digər badımcangillər (məsələn, badımcan, pomidor) tez-tez miflərə qurban gedir. Amma kartof kalium, C vitamini və antioksidantlarla zəngindir. Artrit Fondu kartofu qidalanmadan çıxarıb 2 həftəlik müşahidə etməyi, sonra isə geri qaytarıb bədən reaksiyasını izləməyi tövsiyə edir. Əgər simptomlar yoxdursa — rahatlıqla yeyin. Daha da əmin olmaq üçün bənövşəyi kartof seçə bilərsiniz — o, güclü iltihabəleyhinə maddələrlə zəngindir. Batat isə ümumiyyətlə badımcangillərə aid deyil və tamamilə təhlükəsizdir.
4. Bitki yağları
Rəylər bəzən ziddiyyətlidir, amma kətan toxumu, küncüt və kolza yağları antioksidant təsirə malikdir, qanda şəkər və lipid profilini yaxşılaşdırır. Soyanın da iltihabı artırmadığı, əksinə, ürək sağlamlığını dəstəklədiyi sübut olunub. Bu da revmatik artritdən əziyyət çəkən insanlar üçün vacibdir, çünki bu xəstəlik ürək çatışmazlığı riskini artırır.
5. Pomidor
Pomidor da kartof kimi badımcangillərə aiddir və çox zaman təhlükəli hesab olunur. Amma əslində, pomidor likopinlə zəngindir — bu isə güclü antioksidant və iltihabəleyhinə maddədir. Tədqiqatlar göstərib ki, dizə osteoartriti olan şəxslərdə qanda likopin səviyyəsi aşağı olur. Bundan başqa, E vitamini də azdır, halbuki o, likopinin mənimsənilməsinə kömək edir. Pomidoru avokado və zeytun yağı ilə birlikdə istifadə etmək, bu vitaminlərin təsirini artırır. Belə bir salat həm dadlı, həm də oynaqlar üçün faydalıdır.





