Bakıda yerləşən Daş Salnamə Muzeyində “Çovdar nekropolu” arxeoloji tədqiqat layihəsinin nəticələrini əks etdirən elmi-kütləvi kitabın təqdimat mərasimi baş tutub.
Layihə Heydər Əliyev Fondunun və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilib, araşdırmalarda isə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu iştirak edib.
Tədbirin əvvəlində qonaqlar üçün xüsusi sərgi təşkil olunub. Ekspozisiyada arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif maddi-mədəniyyət nümunələri – silahlar, əmək alətləri, bəzək əşyaları və məişət predmetləri nümayiş etdirilib.
Qazıntılar zamanı minlərlə tarixi artefakt tapılıb
Tədbirdə çıxış edənlər layihənin Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, “Çovdar nekropolu” layihəsi 2019-cu ildən həyata keçirilir və “AzerGold” şirkətinin ən uzunmüddətli sosial-mədəni təşəbbüslərindən biri hesab olunur.
Beş ay davam edən arxeoloji qazıntılar nəticəsində Son Tunc və Erkən Dəmir dövrlərinə aid 156 qəbir aşkar edilib. Bundan əlavə, 6000-dən çox maddi-mədəniyyət nümunəsi – silahlar, alətlər, bəzək və məişət əşyaları üzə çıxarılıb.
Tədqiqatlarda yerli alimlərlə yanaşı, İtaliya, Yaponiya və Türkiyədən olan mütəxəssislər də iştirak ediblər. Araşdırmalar zamanı ilk dəfə olaraq insan qalıqları üzərində genişmiqyaslı DNT analizləri aparılıb. Hər nümunədən təxminən 13 milyona yaxın DNT molekulu oxunaraq laboratoriyada təhlil olunub.
Nəticələr göstərib ki, nekropolda dəfn edilən insanlar yerli Qafqaz mənşəli olub və həmin ərazidə 400 ildən artıq müddətdə yaşamış icmalara aid olublar.
Tarixi əlaqələr və metallurgiyanın inkişafı
Layihə çərçivəsində əldə edilən tapıntılar qədim dövrlərdə bölgədə metallurgiyanın müəyyən inkişaf səviyyəsinə çatdığını da sübut edir. Aparılan spektral analizlər göstərib ki, bəzi metal məmulatların hazırlanmasında müxtəlif ərintilərdən istifadə olunub.
Eyni zamanda qazıntılar zamanı tapılan şüşə muncuqlar və kauri qabıqları qədim icmaların Aralıq dənizi və digər regionlarla iqtisadi və mədəni əlaqələrə malik olduğunu göstərir. Mütəxəssislər bu faktların regionun qədim ticarət və mədəniyyət yollarında mühüm rol oynadığını təsdiqlədiyini bildirirlər.
Qeyd olunub ki, “Çovdar nekropolu” ilk dəfə 2019-cu ildə Çovdar emal sahəsində aparılan tikinti işləri zamanı aşkarlanıb. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab bir neçə il davam edən arxeoloji ekspedisiyanın nəticələrini əhatə edir və ölkənin zəngin tarixi irsinin geniş ictimaiyyətə təqdim olunmasına xidmət edir.








