Bakı şəhərində Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə maarifləndirici söhbətlər aparılıb. Daylinews-az.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) rəsmi məlumat yayıb.
Tədbirin əsas məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həmçinin onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək olub.
DYP tərəfindən diqqətə çatdırılan əsas məqamlar:
- Skuter, moped və velosipedlərin səssiz və sürətli hərəkəti onları piyadalar üçün xüsusi riskə çevirir.
- Sürücülər yalnız velosiped zolaqlarından istifadə etməli, piyada səkilərində hərəkətdən çəkinməlidirlər.
- Qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrinin istifadəsi zəruri sayılır.
DYP bütün yol hərəkəti iştirakçılarına məsuliyyətli davranmağı, qaydalara riayət etməyi və təhlükəsizliyi hər zaman ön planda tutmağı tövsiyə edir.





