11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvSiyasətƏli Əsədov Dini Liderlərin Qlobal Sammitinin İştirakçıları ilə Görüşlər Keçirib

Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin İştirakçıları ilə Görüşlər Keçirib

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29 çərçivəsində, “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda təşkil olunan Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini liderlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti Kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Daylinews-az.com-ya verilən məlumata görə, görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin əhəmiyyəti vurğulanıb. Sammitin keçirilməsinin yaşıl gündəliyin təşviqində, dinlərarası dialoqun və milli-mədəni dəyərlərin inkişafında, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından səmərəli istifadədə böyük rol oynadığı bildirilib.

Vurğulanıb ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin tolerantlıq ənənələrinə malik olan Azərbaycan dinlərarası dialoqun inkişafına önəm verir və bu sahədə təşəbbüslərə sadiqdir. Azərbaycan əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin dinc şəraitdə bir ailə kimi yaşadığı bir ölkədir.

Ə. Əsədov dövlət-din münasibətlərinin təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin irsindən bəhs edərək, hazırda Prezident İlham Əliyevin bu siyasəti müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirdiyini bildirib. Vurğulanıb ki, dövlət başçısı tərəfindən multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilib.

Cari ilin may ayında Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti xatırladılaraq, “Bakı Prosesi”nin bir hissəsi kimi qəbul olunan bu tədbirin mədəniyyətlərarası dialoqun beynəlxalq platforması olduğu qeyd edilib. Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların dövlət tərəfindən qorunduğu, mütəmadi təmir edildiyi və ya yenidən tikildiyi vurğulanıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çoxsaylı mədəni-tarixi və dini abidələrin yerləşdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən fəaliyyət göstərən 67 məsciddən 65-i işğal dövründə Ermənistan tərəfindən dağıdılıb və talan edilib. Bu ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində məhv edilmiş irsin bərpası istiqamətində mühüm işlər görülür.

Görüşlərdə Azərbaycan xalqına qarşı yürüdülən təcavüzkar siyasət nəticəsində xalqın tarixi, mədəni və dini irsinin məhv edildiyi qeyd edilib. Ermənistanla müqayisədə Azərbaycanın tolerantlığını və başqa dinlərə, mədəniyyətlərə hörməti həyat tərzinə çevirdiyi vurğulanıb.

Eyni zamanda, dini liderlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və yaşıl gələcək üçün din xadimlərinin dəstəklərini əsirgəməyəcəklərinə ümid ifadə olunub.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər