Bir çox insanın gündəlik menyusunda yer alan makaronlar sağlamlıq üçün düşündüyünüz qədər zərərsiz deyil. Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirir ki, bəzi makaron növləri tərkibinə və hazırlanma üsuluna görə sağlamlığa ciddi zərər verə bilər. Ən böyük təhlükə isə rafinə olunmuş ağ undan hazırlanmış makaronlardadır.
Rafinə unlu makaronlar – niyə sağlamlıq üçün təhlükəlidir?
Mütəxəssislər qeyd edir ki, ağ unla hazırlanmış makaronlar demək olar ki, heç bir faydalı maddə saxlamır. Bunun səbəbi, dənli bitkilərin işlənməsi zamanı onların qabığı və cücərti hissələrinin tamamilə çıxarılmasıdır. Bu isə B qrupu vitaminlərinin, mineralların və bitki liflərinin tam itirilməsi ilə nəticələnir.
Bu tip makaronların glikemik indeksi yüksək olur, bu da qanda şəkərin sürətlə yüksəlməsinə və uzunmüddətli istifadə zamanı ürək-damar xəstəlikləri riskinin artmasına gətirib çıxarır. Araşdırmalar sübut edir ki, bu növ məhsulların daim qəbulu metabolik pozğunluqların və piylənmənin əsas səbəblərindən biridir.
Zərərli makaronları necə tanımaq olar? Mütəxəssis tövsiyələri
- Tərkibə diqqət yetirin: Əgər qablaşdırmada sadəcə “buğda unu” yazılıbsa və “durum” və ya “sərt buğda növü” qeyd edilməyibsə, bu, məhsulun ağ undan hazırlanması ehtimalını artırır.
- Rəngə baxın: Makaronlar açıq və ya ağ rəngdədirsə, məhsulun tərkibində demək olar ki, heç bir tam taxıl yoxdur.
- Pişdikdən sonra vəziyyəti: Əgər makaronlar tez bişir və bir-birinə yapışırsa, bu, onların yumşaq buğda növlərindən hazırlanması deməkdir.
Sağlam alternativlər nələrdir?
- Tam taxıl makaronları: Qabığı çıxarılmamış taxıldan hazırlanan bu məhsullar daha çox lif, vitamin və mineral tərkiblidir.
- Paxlalılardan hazırlanan makaronlar: Noxud və mərciməkdən hazırlanmış makaronlar yüksək keyfiyyətli bitki zülalı və liflə zəngindir.
- Alternativ unlardan hazırlanmış məhsullar: Qarabaşaq və ya düyü unundan hazırlanan makaronlar da sağlam seçimlərdəndir.
Bu sadə tövsiyələrə əməl etməklə siz daha sağlam qidalanar, orqanizminiz üçün lazımsız risklərdən yayınmış olarsınız.





