Rusiya ilə münasibətlərdəki gərginliyin əsas məsuliyyəti Azərbaycan daşımır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu fikri Bakıda təşkil olunan AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında jurnalistlərə şərh edib. O, ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulduğunu xatırladaraq vurğulayıb: “Ardınca Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinə qarşı xoşagəlməz hadisələr yaşandı. Bundan başqa, fevralda Azərbaycana qarşı kütləvi kiberhücum oldu. Eyni zamanda, Ukraynada SOCAR-ın anbarları vuruldu. Bunlara baxdıqda elə mənzərə yaranır ki, qarşı tərəf gərginliyin azalmasını düşünmür”.
F.Şəfiyev həmçinin qeyd edib ki, Həştərxanda Azərbaycan və Rusiya Baş nazir müavinləri səviyyəsində görüş keçirilib: “Qarşı tərəf gərginlik istəmədiyini deyir, amma davranışlarından da münasibətlərin bərpası üçün bizdən addım atmağı gözlədikləri görünür. Ancaq gərginliyi azaltmaq üçün qarşı tərəf addım atmalıdır, biz də adekvat addım gözləyirik. Bu baş tutsa, vəziyyət də yaxşılaşa bilər”. 2025-ci ilin iyulunda gərginlik misli görünməmiş səviyyəyə çatıb, imperiya təkəbbürü Rusiyanın üzr istəməsinə mane olur, lakin Həştərxan görüşü dialoq üçün ümid yaradır.





