Rəqəmsallaşma prosesinin genişləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin daha operativ təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) yeni mobil tətbiqini istifadəyə verib.
Nazirliyin Elektron xidmətlər sisteminin mobil versiyası artıq vətəndaşların ixtiyarındadır. Qurumdan verilən məlumata görə, tətbiq müxtəlif xidmətlər üzrə müraciətlərin və inzibati cərimələrin qeydiyyatını avtomatlaşdırır.
İstifadəçilər mobil platformaya daxil olaraq qeydiyyatdan keçə və FHN-in təqdim etdiyi xidmətlərdən onlayn şəkildə yararlana bilərlər.
Yeni mobil tətbiq aşağıdakı funksiyaları özündə birləşdirir:
- Müraciətlərin elektron qaydada göndərilməsi;
- İcra vəziyyətinin real vaxt rejimində izlənilməsi;
- Bildiriş və məlumatların əldə olunması;
- Müvafiq ödənişlərin həyata keçirilməsi;
- Digər elektron xidmətlərə çıxış imkanı.
Bu yenilik vətəndaşların vaxt itkisini minimuma endirməyə, sənəd dövriyyəsini sadələşdirməyə və xidmət prosesində şəffaflığı artırmağa xidmət edir. Mobil tətbiq vasitəsilə müraciətlərin gedişatını izləmək və nəticə barədə məlumat almaq daha əlçatan olub.
Rəqəmsal platformanın istifadəyə verilməsi fövqəladə hallar sahəsində xidmətlərin daha müasir və çevik formada təşkili istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.





