Formula-1 rəhbərliyi Bakı Qran-Prisinin ən azı daha beş il təqvimdə qalacağını təsdiqləyib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Bakı trası ilk dəfə 2016-cı ildə Avropa Qran-Prisi adı altında keçirilib, 2017-ci ildən isə Azərbaycan Qran-Prisi kimi daimi təqvimdə yer alıb.
Son səkkiz ildə Bakıda keçirilən yarışlarda yeddi müxtəlif pilot qalib olub. Yalnız “Red Bull” sürücüsü Serxio Peres bu trasda iki dəfə qalib gəlməyi bacarıb. Statistikaya görə, Bakı Qran-Prisi həmişə dramatik hadisələrlə və müxtəlif qaliblərlə yadda qalıb.
Formula-1-in baş direktoru Stefano Domenikali isə müqavilənin uzadılmasını şərh edərək bildirib: “Bu qərar Formula-1, Azərbaycan dövləti və promouter arasında möhkəm etimad və uzunmüddətli əməkdaşlığın göstəricisidir”.





