Dünyanın ən məşhur pilotları artıq Bakıya gəlib və bu həftəsonu keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə hazırlaşırlar. Baku City Circuit (BCC) operator şirkətinin məlumatına görə, yarış mövsümün 17-ci mərhələsi olacaq və paytaxtımızda böyük idman bayramına çevriləcək.
Formula-1-də paddok yalnız komanda qarajları deyil, həm də strategiya, media görüşləri və mühəndislərin son dəqiqə hazırlıqlarının mərkəzidir. Burada maşınlara son toxunuşlar edilir, planlar müzakirə olunur və əsas qərarlar qəbul edilir. Əslində paddok həm yarışın ürəyi, həm də onun kulis dünyasıdır.
Bu gün paddokda ilk dəfə rəsmi olaraq Maks Ferstappen, Karlos Sayns, Fernando Alonso kimi ulduz pilotlar göründülər. Onlar mühəndisləri ilə birlikdə bolidlərini sınaqdan keçirdilər və sabahkı yarışa tam hazırlıq gördülər. Media nümayəndələri isə bu fürsətdən istifadə edərək eksklüziv görüntülər əldə edə bildilər.
Azarkeşlər üçün unikal fürsət
Builki Qran-pridə ilk dəfə satışa çıxarılan Champions Club biletlərinə paddok turları da daxildir. Bu, azarkeşlərə dünyaca məşhur pilotları yaxından izləmək, komandaların işinə şahid olmaq imkanı verir. Hazırda tribunaların və fan-zonaların quraşdırılması yekunlaşmaq üzrədir, şəhərdə isə artıq Formula-1 ab-havası hökm sürür.
Sabah start götürəcək yarış Bakını sürət, taktika və adrenalinin mərkəzinə çevirəcək. Tamaşaçılar isə unudulmaz anların şahidi olacaqlar.








