Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edib ki, 11 iyun tarixindən etibarən saat 00:00-dan başlayaraq R-51 M-2 (336-cı km) – Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpü əsaslı təmirə bağlanacaq.
Agentliyin məlumatına görə, təmir müddətində həmin hissədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlər körpüdə aparılan təmir işləri başa çatanadək qüvvədə olacaq.
Bununla belə, sürücülərin rahatlığı üçün körpünün yaxınlığında alternativ yol vasitəsilə nəqliyyatın hərəkəti müvəqqəti şəkildə təmin olunacaq. Qurum sürücüləri təmir işlərinə anlayışla yanaşmağa və hərəkət zamanı ehtiyatlı olmağa çağırıb.





