Britaniyalı aktyor Tom Felton uzun fasilədən sonra məşhur “Harry Potter” kainatına geri dönür. O, Broadway səhnəsində nümayiş olunacaq “Harry Potter və Lənətlənmiş Uşaq” adlı tamaşada yenidən Draco Malfoy obrazını canlandıracaq. Bu barədə “Variety” jurnalı məlumat yayıb.
“Həyatda bir dövr tamamlanır”
Feltonun sözlərinə görə, bu rola qayıtmaq onun üçün simvolik məna daşıyır:
“Bu tamaşada iştirak mənim üçün həyatımda bir dövrün bağlanması kimidir. Səhnəyə çıxanda, mənim yaşım Draco Malfoyun pyesdəki yaşı ilə eyni olacaq,” – deyə aktyor bildirib. O həmçinin filmlərdə Draco obrazını canlandırmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.
Premyera payızda baş tutacaq
“Harry Potter və Lənətlənmiş Uşaq” tamaşasının Broadway-də premyerası 2025-ci il noyabrın 11-nə təyin olunub. Tamaşa 2026-cı ilin martın 22-dək səhnələşdiriləcək. Feltonun səhnəyə qayıdışı, aktyorun Potter kainatına olan dərin bağlılığını bir daha nümayiş etdirir.
Tamaşa haqqında
İki hissədən ibarət olan bu pyes yazıçı Jack Thorne və rejissor John Tiffany tərəfindən Joann Rowling-in iştirakı ilə ərsəyə gətirilib. Hadisələr “Harry Potter və Ölüm Talismanları” kitabındakı süjetdən 19 il sonra baş verir. Harry artıq Ginny ilə evlidir və onların oğlu – Albus Severus Potter – mərkəzi qəhrəmana çevrilir. Albus atasının irsi ilə bağlı ağır məsuliyyətlə üz-üzə qalır və hekayə yeni sınaqlar ətrafında cərəyan edir.





