Meksikada keçirilən 63 km-lik ultramarafon inanılmaz hadisə ilə yadda qaldı. Yarışı Taraumara tayfasının nümayəndəsi Kandelariya Rivas Ramos 7 saat 34 dəqiqəyə başa vuraraq birinci oldu.
Ən diqqətçəkən məqam isə odur ki, qadın məsafəni peşəkar idman ayaqqabıları ilə deyil, sadə sandallarda və öz xalqının ənənəvi geyimində qaçıb.
Taraumara tayfası dünyada möhtəşəm dözümlülüyü ilə tanınır. Onların sakinləri uşaqlıqdan ağır fiziki yüklərə alışır: dağ marşrutlarında yüzlərlə kilometr məsafəni qaçaraq qət edirlər. Hətta ov və uzaq yaşayış məntəqələrinə səyahət zamanı da onlar qaçmağa üstünlük verirlər. Onlar üçün 200–300 km-lik qaçışlar adi hal sayılır.






