Yaxın Şərqdə gərginliyin artması fonunda mühüm dəniz yollarının bağlanması ehtimalı dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. İranın Hörmüz boğazını bağlaması ilə bağlı xəbərlər fonunda Yəməndəki husilər də Bab əl-Məndəb boğazını bloklamağa hazır olduqlarını bəyan ediblər.
Husilər açıqlamalarında bildiriblər ki, lazım gələrsə, İranı dəstəkləmək üçün bu strateji keçidi bağlaya və hətta ABŞ və İsrailə qarşı hərbi əməliyyatlara qoşula bilərlər. Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dəniz üzərindən Süveyş kanalına çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından biridir.
Neft bazarına təsir qaçılmazdır
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli bildirib ki, bu cür addımlar qlobal enerji bazarına birbaşa təsir göstərə bilər:
“Bu boğaz Yaxın Şərq ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının neft ixracı üçün əsas keçidlərdən biridir. Əgər nəql məhdudlaşdırılarsa, dünya bazarında neft qiymətlərində artım qaçılmaz olacaq”.
Ekspertin sözlərinə görə, belə vəziyyət yalnız enerji sektorunu deyil, ümumi iqtisadi sabitliyi də sarsıda bilər. Enerji daşıyıcılarının bahalaşması nəticəsində:
- istehsal xərcləri arta bilər
- inflyasiya təzyiqi güclənə bilər
- istehlakçılar üçün maliyyə yükü ağırlaşa bilər
Nəsirli əlavə edib ki, bu cür geosiyasi risklər investor davranışına da təsir edir və bazarlarda dalğalanma yaradır. Onun fikrincə, vəziyyət uzanarsa, alternativ marşrutlardan istifadə və ya strateji ehtiyatların işə salınması qaçılmaz olacaq.
“Lakin bu da əlavə logistika xərcləri və çətinliklər deməkdir. Qısa müddətdə isə əsas təsiri bazarda spekulyativ alqı-satqı və təchizat zəncirində yaranan problemlər göstərəcək”, – deyə o vurğulayıb.





