İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, toplantılar 2026-cı il iyunun 16–19-da reallaşacaq.
Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifov, sədr müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarov təyin olunub. Komitənin digər üzvləri arasında xarici işlər naziri Ceyhun Bayramov, maliyyə naziri Sahil Babayev, mədəniyyət naziri Adil Kərimli, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər yüksək vəzifəli şəxslər yer alır.
Nazirlər Kabineti 2026-cı ilin dövlət büdcəsi layihəsində İİB Qrupunun toplantısının keçirilməsi xərclərinin qarşılanması üçün müvafiq vəsaitin nəzərdə tutulmasını təmin edəcək və digər zəruri hazırlıq işlərini həyata keçirəcək.
Bu tədbirin Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, İslam maliyyə institutları ilə əməkdaşlığın inkişafına və ölkəmizin iqtisadi potensialının tanıdılmasına mühüm töhfə verəcək.





