3 iyul tarixində futbol dünyasını sarsıdan xəbər yayıldı – “Liverpul” klubunun portuqaliyalı hücumçusu Diogu Jota faciəli şəkildə həyatını itirib.
Qəza detalları
Hadisə cümə axşamına keçən gecə İspaniyanın Zamora vilayətində, Portuqaliya sərhəddinə yaxın ərazidə baş verib. Diogu Jota və onun qardaşı, “Penafiel” klubunun oyunçusu Andre Jota, A-52 yolunda Sernadiya yaxınlığında hərəkət edərkən Lamborghini markalı avtomobillərində qəzaya düşüblər.
İlkin məlumata görə, avtomobil ötmə manevri zamanı idarədən çıxıb – təkərlərdən biri partlayıb, maşın yoldan çıxaraq bir neçə dəfə çevrilib və alovlanıb.
Hadisə yerindən görüntülər
İspaniyanın yerli KİV-ləri hadisə yerindən çəkilmiş görüntüləri dərc ediblər. Kadrlar yanmış və çevrilmiş avtomobilin qalıqlarını, yolda təkər izlərini və sındırılmış metal maneələrin ətrafda səpələnmiş hissələrini əks etdirir. Hadisə yerinə gələn fövqəladə xidmət əməkdaşları qardaşların həyatını xilas edə bilməyiblər.
28 yaşında ailəli ata idi
Diogu Jota cəmi 10 gün öncə – 22 iyunda uşaqlıq sevgilisi Rute Kardozu ilə evlənmişdi. Gənc cütlüyün üç övladı var idi. Onun vaxtsız və qəfil itkisi bütün futbol ictimaiyyətində dərin kədər doğurub.





