EvMədəniyyətNatiq Məmmədlinin “Sev” romanı oxuculara təqdim edildi – təqdimatdan təfsilat

Natiq Məmmədlinin “Sev” romanı oxuculara təqdim edildi – təqdimatdan təfsilat

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, yazıçı və publisist Natiq Məmmədlinin yeni “Sev” romanı üçün xüsusi təqdimat və imza günü keçirilib. Tədbir Bakıda kitabsevərlərin sevimli məkanlarından birində – “LIBRAFF”ın “Park Akademiya” filialında baş tutub və salona toplaşan oxucular, tanınmış ictimai-siyasi simalar, media və ədəbiyyat nümayəndələri zalı tam doldurub. “Sev” artıq bir müddətdir satışdadır və müasir gənc oxucu auditoriyasına ünvanlanan postmodern məhəbbət romanı kimi təqdim olunur.

“Sev”: səyahət, folklor və Sarı Aşığın sevgisi

Tədbirdə ilk çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Natiq Məmmədlinin yeni əsərini xüsusi dəyərləndirib. O bildirib ki, “Sev” romanında müəllif iki gəncin məhəbbət hekayəsini əsas xətt kimi götürərək qəhrəmanları dünyanın müxtəlif guşələrinə aparır, onların fərqli ölkələrdə yaşadıqları təəssüratları və gördükləri məkanları maraqlı detallarla təsvir edir: “Bu romanda müəllif qəhrəmanların müxtəlif ölkələrdəki səyahətlərini təsvir edir və həmin məkanlar barədə maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı Aşığın yaradıcılığını romanda ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi, Yaxşıya olan məhəbbəti və hamımızın dilinin əzbəri olan gəraylıları insanın sevgi, hiss və duyğularının ifadəsində mühüm yer tutur. Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm. Arzulayıram ki, yazsın, yaratsın və həm jurnalistikamızda, həm də ədəbiyyatımızda öz sanballı fəaliyyətini davam etdirsin”.

Məclisdə qeyd olunub ki, roman həm klassik milli dəyərlərə, həm də çağdaş qlobal dünyaya açılan pəncərə təsiri bağışlayır. Sakura çiçəklərinin fonunda təqdim olunan sevgi hekayəsi iki fərqli dinə mənsub gəncin yalnız bir-birini sevmək “günahı” ilə üz-üzə qalmasını, bu hiss uğrunda mübarizəsini təqdim etməklə bərabər, Sarı Aşığın əfsanəvi məhəbbət dastanını da yeni ədəbiyyat dili ilə yenidən canlandırır.

“Sev” – gənc oxucuya ünvanlanan postmodern məhəbbət romanı

Vüsalə Mahirqızı çıxışında Natiq Məmmədlinin ədəbi səyahətindən danışdı və onu ilk növbədə hekayələri sayəsində tanıdığını bildirdi: “Natiq Məmmədli mənə hekayələrindən tanışdır. Onun “Professor və samuraylar”, “Tiflis yolçuları”, “Qəzet köşkünün yerində qalan boşluq”, “Molyerin öldüyü gün”, “Yiyəsiz baş” hekayələri ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin ədəbi düşüncəsini, müasir yanaşmasını bariz göstərir”. O, “Sev”i müəllifin yaradıcılığında növbəti mərhələ kimi qiymətləndirib: “Bu roman “TEAS Press” Nəşriyyat Evi tərəfindən nəfis tərtibatda çap edilib. “TEAS Press”in bu əsəri seçməsinin səbəbi də məhz romanın gənclər üçün, müasir düşüncə üçün cəlbedici olmasıdır. Müəllif “Sev” romanında postmodern ədəbiyyat nümunəsi kimi tarix və müasirliyi paralel inkişaf etdirir. Bu isə müasir oxucu üçün cəlbedicidir”.

Vüsalə Mahirqızı əlavə edib ki, Natiq Məmmədli təkcə yazıçı kimi deyil, həm də peşəkar jurnalist kimi Azərbaycan dilinin zənginliyini qoruyan nadir qələm sahiblərindəndir: “Natiq Məmmədli həm ədəbi, həm də mətbu yaradıcılığında Azərbaycan dilini qoruyur, onun bütün imkanlarından məharətlə istifadə edə bilir. Buna görə də ona ayrıca təşəkkür edirəm”. Romanın nəfis poliqrafik tərtibatı, həmçinin son aylarda oxucular arasında artan maraq səviyyəsi də təqdimatda xüsusi qeyd olunub.

Millət vəkili, şair Elçin Mirzəbəyli çıxışında romanın adının onu dərhal cəlb etdiyini deyib: “Romanın adı məni dərhal cəlb etdi. Ümumiyyətlə, bu gün mənəvi olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin əvvəlki əsərləri də səmimiyyəti ilə seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən deyə bilərəm ki, onun yaradıcılığında heç bir süni effekt yoxdur. Sözündə insana, cəmiyyətə, dostluğa yönəlmiş xüsusi bir diqqət var. Məhz onu dəyərli edən də budur”.

Professor Qulu Məhərrəmli isə bugünkü cəmiyyətdə artan aqressiv fonu nəzərə alaraq “Sev”i gənclər üçün mühüm mətn adlandırıb: o, Natiq Məmmədlinin hekayələrində mövzu müxtəlifliyi və konfliktlərin təqdimat üslubunu xüsusi vurğulayıb. Qulu Məhərrəmli yazıçıya yeni ədəbi uğurlar arzulayıb, gələcək kitablarının da oxucu auditoriyası üçün önəmli olacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən jurnalist Fuad Babayev “Sev”in gənclərin dünyagörüşünün formalaşmasında rolundan söz açaraq, bu tip əsərlərin sevgi anlayışını yenidən düşünməyə vadar etdiyini deyib. Sahil İskəndərli isə romanın “Sev” adı ilə çıxış etməsinin müəllifin yaradıcılıq kredosunu özündə cəmlədiyini vurğulayıb: “Elə insanın həyata gəlməsində sevgi var. Sevgi anlayışı çox geniş məzmundur. Bu hissləri yaşamayan insan belə bir əsər yaza bilməz”.

Müəllifdən səmimi etiraflar: “Sev”in arxasındakı travma və Qarabağ planı

Tədbirin sonunda çıxış edən Natiq Məmmədli oxucularla səmimi söhbət edib və romanın yaranma tarixçəsindən danışıb. O, bildirib ki, əsərin meydana gəlməsinin arxasında dərin psixoloji sarsıntı dayanır və həmin dövrdən çıxış yolu kimi məhz bu kitabı yazmağı seçib: “Bu kitabın arxasında böyük bir psixoloji travma dayanır. Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim. Kitabın adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir. Allah kitabı göndərəndə insanlara “sev” deyə müraciət edir. Bu, bir müjdədir. Kitabı pandemiya dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda böyük bir boşluq yaranmışdı və mən bu roman üzərində işləməyə başladım. Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir. Ona görə də bu romanı məhz gənclər üçün yazmaq istədim. Elə yazmalıydım ki, 21-ci əsr insanının psixoloji qatları əsərdə görünə bilsin. Vətən müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olmalıdır. Qarabağı sevmək üçün əvvəl insan sevməyi bacarmalıdır. Sevmək lazımdır ki, noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu il iki kitabım çapdan çıxıb. İndi isə düşünürəm ki, hələ nə qədər yazılacaq sözümüz var. İnşallah, Qarabağla bağlı romanın təqdimatında görüşərik”.

Əlavə olaraq, müəllif daha əvvəl də müxtəlif kitab yarmarkalarında “Sev”lə bağlı imza günləri keçirdiyini, romanın artıq onlayn və oflayn satış şəbəkələrində geniş yayıldığını qeyd edib. O, yaxın illərdə Qarabağ mövzusuna həsr olunmuş yeni roman üzərində işlədiyini və bu əsərin də gənclərə ünvanlanacağını bildirib. Sonda Natiq Məmmədli tədbirə qatılan hər kəsə, imzalı kitab növbəsində dayanan oxuculara və çıxış edən qonaqlara minnətdarlığını bildirib, qonaqlar isə müəlliflə xatirə şəkilləri çəkdiriblər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər