“Avroviziya”nın qalibi Nigar Camal musiqisevərlərin qarşısına yeni pop layihəsi ilə çıxıb. Sənətçi “Barbie” adlı mahnısını və ona çəkilən klipi rəsmi olaraq yayımlayıb. Müasir pop üslubunda hazırlanan layihə artıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Üç fərqli obraz, xüsusi stil və yeni yanaşma
Mahnının söz müəllifləri Xətali Əli, Clavis və OGB, musiqisi isə Kazım Cana məxsusdur. Klipdə Nigar Camal “Barbie” obrazını canlandıraraq tamamilə fərqli üç vizual tərzdə kamera qarşısına keçib.
Layihədəki geyim və obraz seçimi məşhur kuklanın illər ərzində keçirdiyi dəyişikliyi – müxtəlif peşələri, fərqli xarakterləri və qadının gücünü simvolizə edən mesajları özündə əks etdirir.
Klipdə “Ken” obrazı gənc model Məhərrəm Ramazanova həvalə olunub. Rejissor Vüsal Həsənin rəhbərlik etdiyi çəkiliş prosesində 30-dan çox peşəkar çalışıb. Ekran işi artıq rəqəmsal platformalarda yayımlanır və vizual keyfiyyətinə görə xüsusi diqqət çəkir.
Barbie obrazının mədəni simvol olaraq inkişafı
1959-cu ildə yaradılan “Barbie” təkcə uşaq oyuncağı kimi deyil, zamanla qadının özünüifadə azadlığını və güclü sosial rolunu təmsil edən qlobal mədəni simvola çevrilib. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınları əks etdirən yeni modellərlə bu obrazın təsiri daha da genişlənib.
Nigar Camalın yeni klipi də bu xətti davam etdirərək qadının dəyişkənliyini, gücünü və özünəinamını vurğulayan vizual mesajlar təqdim edir. Müğənni layihənin üzərində uzun müddət çalışıldığını bildirib və mahnının müasir pop səhnəsinə fərqli nəfəs gətirməyi hədəflədiyini qeyd edib.






