Amerikalı məşhur reper və prodüser P. Diddy (Şon Kombs) ABŞ-da keçirilən yüksək səviyyəli məhkəmə prosesində insan alveri ittihamından bəraət qazandı, lakin prostitusiya məqsədilə qadınların daşınması üzrə iki epizodda təqsirli bilinib. Bu barədə BBC məlumat yayıb.
Məhkəmə qərarı: bəraət və məhkumluq qarışıq
ABŞ-ın 12 nəfərlik münsiflər heyəti P. Diddy-nin barəsində irəli sürülən 5 ittihamdan 3-də günahsız olduğuna qərar verib. Bunlara cinayətkar qruplaşma yaratmaq və seksual istismar da daxildir. Lakin o, Cassi Ventura və “Ceyn” kimi tanınan qadın da daxil olmaqla bir neçə qadının prostitusiya məqsədilə başqa ştatlara daşınmasında təqsirli bilinib.
İttihamların təfərrüatı
Münsiflərin yekun qərarına əsasən:
- Cinayətkar qruplaşma yaratmaq – təqsirsiz
- Müğənni Cassi Ventura-nın seksual istismarı – təqsirsiz
- Cassi və digər qadınların daşınması (prostitusiya məqsədilə) – təqsirli
- “Ceyn” adlı qadının seksual istismarı – təqsirsiz
- “Ceyn” və digər qadınların daşınması (prostitusiya məqsədilə) – təqsirli
Azadlığa buraxılma tələbi rədd edildi
Məhkəmə P. Diddy-nin vəkillərinin onun girovla azad olunması haqda xahişini rədd edib. Onun 10 ilədək həbs cəzası ilə üzləşə biləcəyi bildirilib.
Yekun hökmün 3 oktyabr 2025-ci il tarixində elan olunacağı gözlənilir.





