Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, əsasən dağlıq və dağətəyi bölgələrdə fasilələrlə yağış yağacaq, bəzi yerlərdə şimşək çaxacaq:
“Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan və dolu ehtimal olunur. Qərb küləyi isə bəzi bölgələrdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin iyulun 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.”
FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) də gözlənilən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib. Nazirliyin yaydığı rəsmi açıqlamada bildirilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə bir sıra bölgələrdə güclü külək, şimşək, leysan xarakterli yağış və dağ çaylarında sel və daşqın ehtimalı var.”
FHN vətəndaşlara aşağıdakı təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir:
- Küləkli havada yüngül konstruksiyalı tikililərdən, elektrik dirəklərindən, hündür ağaclardan və reklam lövhələrindən uzaq durun.
- Yanğın təhlükəsinə qarşı küləkli havada açıq alovdan istifadə etməyin.
- Çimərliklərdə güclü külək zamanı dənizə girmək təhlükəlidir.
- Sel və daşqın təhlükəsinə qarşı çay yataqlarından və təhlükəli ərazilərdən uzaq durun, zərurət olduqda yüksək yerlərə sığının.
- İldırımdan qorunmaq üçün:
- Elektrik cihazlarını şəbəkədən ayırın.
- Telefonla danışmayın.
- Açıq havada metal əşyalara, hündür ağaclara və antenalara yaxınlaşmayın.
- Çöldə olarkən çökək ərazilərdə sığınacaq axtarın.
- Avtomobildə olarkən hərəkəti dayandırıb pəncərələri bağlayın.
FHN vətəndaşlara xatırladır: “Qaydalara əməl etməmək həyatımıza təhlükədir!” Təhlükə zamanı dərhal “112” qaynar xəttinə zəng edin.





