Misli Premyer Liqasının VII turuna bu gün keçirilən “Qəbələ” – “Şamaxı” qarşılaşması ilə yekun vurulub. Görüşdə səfər komandası minimal hesabla qalib gəlib – 1:0. Qonaqlara üç xal qazandıran yeganə qolu 7-ci dəqiqədə Rikardo Apolinario penalti zərbəsindən vurub. Bu nəticədən sonra “Qəbələ” 4 xalla turnir cədvəlinin on birinci, “Şamaxı” isə 9 xalla yeddinci pilləsində qərarlaşıb.
Eyni gün baş tutan tur çərçivəsində digər matçda “Sabah” səfərdə “Karvan-Yevlax” komandasını 2:0 hesabı ilə məğlub edib. Bundan öncəki günlərdə baş tutmuş oyunlarda isə “Araz-Naxçıvan” doğma meydanda “İmişli”ni 2:0, “Qarabağ” “Kəpəz”i 1:0, “Turan Tovuz” isə səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyib. “Zirə” – “Neftçi” duelində isə qalib müəyyən olunmayıb və oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Azərbaycan Premyer Liqasında mübarizə daha da gərginləşir və komandalar liderlik, avrokubok və təhlükəsizlik zonalarından uzaqlaşmaq üçün əzmkar çıxışlarını davam etdirirlər.





