İqlim dəyişmələrinin qlobal təsiri hər qitədə hiss olunur, xüsusilə də inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu proseslər, qlobal səviyyədə insanların yaşayışını çətinləşdirir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda ciddi əngəllər yaradır. Azərbaycan da bu təsirlərdən kənarda qalmır. Hər il çaylarımızda suyun səviyyəsinin azalması və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə su qıtlığı kimi problemlərlə qarşılaşırıq.
Daylinews-az.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı Azərbaycanın iqlim çağırışları ilə mübarizədə atdığı cəsarətli addımlardan danışıb və ölkənin bu sahədə əldə etdiyi uğurları vurğulayıb.
Prezident İlham Əliyev bildirib: “Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri həll etmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” prioritetimizi həyata keçiririk və 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik.”
Prezident əlavə edib ki, Azərbaycanın külək və günəş enerjisi potensialı ölkənin bərpaolunan enerji sahəsində irəliləyişinə şərait yaradır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilib və bu ərazilərdə kifayət qədər bərpaolunan enerji mənbələri mövcuddur.