Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. daylinews-az.com xəbər verir ki, məktubda Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) Böyük Qurultayında yenidən partiya sədri seçilməsi münasibətilə səmimi təbriklər ifadə olunub.
Prezident İlham Əliyevin təbrik məktubundan seçmə fikirlər:
“Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.”
Prezident İlham Əliyev, Ərdoğanın uzun illər boyu Türkiyənin rifahı və tərəqqisi, qardaş xalqın firavanlığı, həmçinin bütün Türk dünyasının yüksəlişi naminə göstərdiyi fədakar fəaliyyətin layiq olduğu yüksək qiyməti aldığını vurğulayıb. Eyni zamanda, AKP-nin Böyük Qurultayında qəbul edilən yeni hədəflərin və qərarların Türkiyə xalqı üçün xeyirli olacağına inandığını bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, Ərdoğanın rəhbərliyi ilə Türkiyə qlobal güc mərkəzinə çevrilərək dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən biri olub. Onun fikrincə, Ərdoğan, bütün Türk dünyasında Vətənini və xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilir.
“Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir.” — deyə İlham Əliyev məktubunda qeyd edib.
Azərbaycan lideri, “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq bağlarının gələcəkdə də möhkəmlənəcəyinə əminliyini ifadə edib. O, Ərdoğanı və AKP-nin hər bir üzvünü təbrik edərək, Türkiyə xalqına sülh və firavanlıq arzulayıb.





