Qətərin əsas enerji infrastrukturuna endirilən zərbələrin iqtisadi nəticələri açıqlanıb. Ölkənin energetika üzrə dövlət naziri və “QatarEnergy” şirkətinin prezidenti Saad bin Şərida əl-Kaabi bildirib ki, Ras-Laffan sənaye şəhərinə hücumlar nəticəsində illik itkilər təxminən 20 milyard dollar səviyyəsində qiymətləndirilir.
Nazirin sözlərinə görə, hücumlar martın 18-də və 19-na keçən gecə baş verib və mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının əsas obyektlərinə ciddi təsir göstərib. Zərbələr nəticəsində “Train 4” və “Train 6” istehsal xətləri zədələnib. Bu xətlərin ümumi gücü ildə 12,8 milyon ton təşkil edir və Qətərin ümumi ixracının təxminən 17 faizini təmin edir.
Bərpa prosesi və qlobal təsir
Saad əl-Kaabi vurğulayıb ki, hadisə zamanı insan tələfatı qeydə alınmayıb. Bununla belə, infrastrukturun bərpası uzun müddət tələb edəcək:
“LNG obyektlərində yaranan ziyanın aradan qaldırılması üçün üç ildən beş ilə qədər vaxt lazım olacaq. Bu vəziyyət Çin, Cənubi Koreya, İtaliya və Belçika kimi əsas alıcı ölkələrə təsir göstərə bilər”.
Nazir həmçinin qeyd edib ki, “Shell” şirkətinin idarə etdiyi “Pearl GTL” kompleksi də hücumlara məruz qalıb. Hazırda müəssisədəki iki qurğudan birinə dəyən ziyan qiymətləndirilir və həmin qurğunun ən azı bir il istismardan kənarda qalacağı gözlənilir.
Hadisələr regionda artan gərginlik fonunda baş verib. Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra vəziyyət daha da kəskinləşib. Bundan sonra İran müxtəlif ölkələrdə yerləşən hərbi və strateji obyektlərə zərbələr endirib.
Enerji bazarının mühüm iştirakçılarından biri olan Qətərdə baş verən bu hadisə qlobal LNG təchizatına və enerji qiymətlərinə təsir göstərə biləcək mühüm faktor kimi qiymətləndirilir.





