Azərbaycan qrapplinqçiləri 7-12 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilən U15, U17, U20, Böyüklər və veteranlar arasında baş tutan Dünya çempionatında uğurla iştirak edərək, ümumilikdə 9 medal qazanıb.
Daylinews-az xəbər verir ki, U15 yaş qrupunda Hacıəbdül Abdulov bürünc medal qazanıb. U17 yaş qrupunda isə Aysu Əliyeva qrapplinq növündə gümüş, Qrapplinq Gi versiyasında isə bürünc medala sahib olub. Veteranlar arasında 62 kq çəki dərəcəsində Səbuhi Məmmədov hər iki versiyada gümüş medal qazanıb. U20 yaş qrupunda Elman Əsgərov və Emil Verdiyev gümüş medallarla mükafatlandırılıb.
Böyüklər kateqoriyasında isə Fərhad Bağırov möhtəşəm çıxışı ilə Ermənistan, Kanada, Polşa və Ukrayna təmsilçilərini məğlub edərək dünya çempionu adını qazanıb. Hacımurad Purtiyev isə dünya ikincisi olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının vitse-prezidenti Tural Mirzəyevdir.





