Müqəddəs Ramazan ayı ilə əlaqədar ən çox ünvanlanan suallardan biri dərman və tibbi prosedurların oruca təsiri ilə bağlıdır. Xüsusilə xroniki xəstəlikdən əziyyət çəkənlər, gündəlik müalicə alanlar və müxtəlif tibbi müdaxilələrə ehtiyacı olan şəxslər bu məsələdə tərəddüd yaşayırlar.
Mövzu ilə bağlı ilahiyyatçı Fərid Abdullah açıqlamasında bildirib ki, bəzi hallarda tibbi müdaxilə və dərman istifadəsi orucu pozmur. Onun sözlərinə görə, əsas məsələ qəbul edilən preparatın qidalandırıcı olub-olmaması və qidanı əvəz edib-etməməsidir.
Hansı tibbi müdaxilələr orucu pozmur?
İlahiyyatçı qeyd edib ki, astma xəstələrinin istifadə etdiyi inhalyatorlar (nəfəs açıcı məhlullar) birbaşa ağciyərlərə yönəldiyi və qida borusuna daxil olmadığı halda orucu pozmuş hesab edilmir.
Fərid Abdullah vurğulayıb: “Zərurət yarandıqda tibbi müdaxilələrə icazə verilir. Məsələn, diş çəkdirmək mümkündür, lakin bu zaman heç nə udulmamalıdır. Eyni zamanda iynə vurdurmaq və ya sistem qoşdurmaq da olar. Burada əsas şərt həmin preparatların qidalandırıcı xarakter daşımaması və qidanı əvəz etməməsidir”.
Onun sözlərinə görə, orucun mahiyyəti insanın qida və mayedən uzaq qalması ilə yanaşı, mənəvi təmizlənməni də əhatə edir. Buna görə də insanı zəiflədən və orucun məqsədinə zidd olan hallardan uzaq durmaq tövsiyə olunur. Lakin sağlamlıqla bağlı zəruri vəziyyətlərdə dini qaydalar müəyyən güzəştlər nəzərdə tutur.
Dinşünas əlavə edib ki, hər bir hal fərdi şəkildə qiymətləndirilməlidir. Möminlərə öz mülahizələrinə əsaslanmaq əvəzinə din xadimlərinə və ya sahə üzrə bilikli şəxslərə müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, Ramazan ayında xüsusilə sağlamlıq məsələləri ilə bağlı suallar aktuallaşır. Mütəxəssis rəyinə müraciət etmək həm dini baxımdan düzgün qərar verməyə, həm də sağlamlığın qorunmasına kömək edir.





