Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəməyə razılaşıb. Bu barədə Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda məlumat verilib.
Sənəddə qeyd olunur ki, qərar Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşü zamanı əldə olunmuş razılaşmaya əsaslanır. Həmin görüşdə tərəflər qəza ilə bağlı bütün məsələlərin, o cümlədən maliyyə kompensasiyasının həlli istiqamətində ortaq mövqe nümayiş etdiriblər.
Birgə bəyanata görə, hadisə Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş verib. Nəticədə “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Tərəflər bu faciədən irəli gələn bütün məsələlərin, o cümlədən kompensasiya ödənişlərinin müvafiq qaydada tənzimlənməsi barədə razılığa gəliblər. Bu addım iki ölkə arasında mövcud əməkdaşlıq çərçivəsində qarşılıqlı anlayışın və məsuliyyətin göstəricisi kimi qiymətləndirilir.





