Salyan rayonunda baş vermiş faciəvi yol-nəqliyyat hadisəsində musiqiçi Emil Əzizov ölüb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Yolüstü kəndində “Mercedes” markalı avtomobilə avtoyuma məntəqəsinə çırpılma nəticəsində yanğın baş verib. Yanğın avtomobilin bəzi hissələrini, avtoyuma məntəqəsinin taxta örtüyünün bir hissəsini və obyektdən keçən elektrik kabelini əhatə edib.
Yanğınsöndürənlər hadisə yerinə operativ müdaxilə edərək yanğını söndürüb və yanğın nəticəsində zərər çəkən hissələrdən başqa obyektin digər hissələri qorunub. Qəzanın səbəbləri araşdırılır. Kəşfiyyat zamanı avtomobil sürücüsünün – 38 yaşlı Qarabağlı kənd sakini, musiqiçi Emil Əzizovun meyiti yanmış vəziyyətdə tapılıb və aidiyyəti orqanlara təhvil verilib.
Emil Əzizov hadisədən əvvəl günorta saatlarında Ağcabədidə keçirilən toy mərasimində iştirak etmiş, gecə saatlarında isə yaşadığı rayona qayıdarkən qəza törətmişdi. Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.





