Azərbaycanda innovasiya ekosisteminin inkişafı istiqamətində mühüm addım atılır. Startapların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə ayrıca qanun layihəsi hazırlanıb və yaxın aylarda qəbul edilməsi planlaşdırılır.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planına həsr olunan müşavirədə məlumat verib. Nazir bildirib ki, hazırda ölkədə startapların sistemli maliyyələşməsini təmin edən mexanizmlər faktiki olaraq mövcud deyil.
Onun sözlərinə görə, nə vençur kapitalı, nə də kraudfandinq alətləri yetərli səviyyədə formalaşıb: “Bununla bağlı artıq qanun layihəsi hazırlanıb və fəaliyyət planında da nəzərdə tutulub ki, yaxın bir neçə ay ərzində qəbul edilsin.
Bu gün bazarın real potensialını əks etdirməyən cəmi üç fond fəaliyyət göstərir və onların ümumi həcmi 12 milyon manatdır. Bundan əlavə, startaplara müxtəlif səviyyələrdə yatırılan vəsaitlər də təxminən 12 milyon manat təşkil edir. Bu isə bazarın inkişafı üçün kifayət etmir”.
Yeni mexanizmlər bazara təkan verə bilər
Nazir vurğulayıb ki, qanun qəbul olunacağı təqdirdə həm yerli investorların fəallaşması, həm də xarici fondların cəlb edilməsi mümkün olacaq. Onun fikrincə, bu, innovasiya bazarına ciddi impuls verə bilər.
Rəşad Nəbiyev insan kapitalının gücləndirilməsinin də vacibliyini qeyd edib. O bildirib ki, “freelancer”lər və xaricdən gələn mütəxəssislərlə bağlı daha çevik və beynəlxalq təcrübəyə uyğun mexanizmlərə ehtiyac var. “Startaplar üçün ilkin gəlirlər xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələlərdən biri də onların hazırladığı məhsul və xidmətlərin dövlət tərəfindən alınması mexanizmləridir. Bu istiqamətdə tədbirlər planında konkret müddəalar əksini tapıb”, – deyə nazir vurğulayıb.
Müşavirədə kibertəhlükəsizlik məsələsinə də toxunulub. Nazir xatırladıb ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiya qəbul edilib və işlər bu sənədə uyğun aparılır. Sahəvi SOC-ların – Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması, eləcə də CERT strukturlarının formalaşdırılması üçün qanunvericilik bazasının hazırlanması nəzərdə tutulur.





