Gələn iki il ərzində Şuşa şəhərində küçə və yol şəbəkəsinin tamamilə yenidən qurulması nəzərdə tutulur. Bu barədə məlumatı Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə təşkil edilən III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində açıqlayıb.
Onun sözlərinə görə, şəhərin müasir mühəndis şəbəkələri ilə təchiz olunması planlaşdırılır və bütün kommunikasiya xətləri yenidən qurulacaq. Bu işlər hissə-hissə həyata keçirilir və müəyyən qədər vaxt tələb edir, çünki Şuşada çoxlu tarixi abidələr və infrastruktur elementləri mövcuddur ki, onlar işlərin gedişinə təsir göstərir.
Aydın Kərimov bildirib: “Şuşa azərbaycanlılar üçün çox mühüm və xüsusi şəhərdir. Burada tarixi və qiymətli abidələr var. Buna görə də bütün yenidənqurma işlərini diqqətlə, planlı və sistemli bir şəkildə həyata keçiririk.”
Bu genişmiqyaslı layihə Şuşanın şəhərsalma prosesində strateji inkişafının vacib hissəsini təşkil edir və bölgənin daha müasir və yaşamaq üçün əlverişli mühiti təmin etmək məqsədi daşıyır.





