Avstriyada Teylor Sviftin 2024-cü ildə Vyanada keçirilməsi planlaşdırılan konsertlərinə qarşı terror hücumu hazırlamaqda ittiham olunan şəxs barəsində məhkəmə qərarı açıqlanıb. Ölkə məhkəməsi 21 yaşlı Avstriya vətəndaşını təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, işə Vyananın cənubunda yerləşən Wiener Neustadt şəhərində baxılıb. Avstriyanın məxfilik qanunlarına uyğun olaraq təqsirləndirilən şəxs yalnız Beran A. kimi təqdim olunub. O, ötən ay başlayan məhkəmə prosesində Teylor Sviftin konsertinə hücum hazırlığı ilə bağlı ittihamları qəbul etmişdi.

Hücum planı son anda ifşa olunub
İstintaq materiallarına əsasən, Beran A. Vyanadakı Ernst Happel stadionu ətrafında insanlara qarşı bıçaq və ya əldəqayırma partlayıcı qurğularla hücum etməyi planlaşdırıb. Hüquq-mühafizə orqanları onun yaşayış yerində keçirilən əməliyyat zamanı partlayıcı maddələrin hazırlanması üçün istifadə oluna biləcək materiallar aşkarlayıb.
Müstəntiqlər bildirirlər ki, təqsirləndirilən şəxs hücumdan əvvəl terror təşkilatı İŞİD üzvləri ilə əlaqə saxlayıb, silah əldə etmək və partlayıcı hazırlamaq məsələlərini müzakirə edib. O, həmçinin təşkilata sadiqlik andı içməkdə də ittiham olunub.
Məhkəmə zalında son sözünü deyən Beran A. yalnız qısa şəkildə üzr istəyib:
“Sadəcə demək istəyirəm ki, üzgünəm”.
İş üzrə daha bir 21 yaşlı şəxs – Arda K. də terror fəaliyyətləri ilə əlaqədar təqsirli bilinib və 12 il həbs cəzası alıb. İstintaqın versiyasına görə, onlar Səudiyyə Ərəbistanında saxlanılan üçüncü şübhəli ilə birlikdə Yaxın Şərqdə və digər ölkələrdə paralel hücumlar planlaşdırıblar.
Qeyd edək ki, təhlükə ilə bağlı məlumat əldə olunduqdan sonra Teylor Sviftin Vyanada keçirilməsi nəzərdə tutulan üç konserti ləğv edilmişdi. Daha sonra müğənni sosial şəbəkədə paylaşım edərək konsertlərin ləğvinin onda həm qorxu, həm də pərəstişkarlarına qarşı məsuliyyət hissi yaratdığını bildirmişdi.





