ABŞ prezidenti Donald Trampda xroniki venoz çatışmazlıq diaqnozu qoyulub. Bu barədə Bloomberg nəşri onun mətbuat katibi Kerolayn Levittə istinadən məlumat yayıb.
Levittin sözlərinə görə, Tramp son zamanlar çəkilmiş fotolarda şişmiş topuqları və əllərində göyərmələrlə təsvir olunduqdan sonra tibbi müayinədən keçib.
Həkimlər bildiriblər ki, bu pozuntu, ayaqlardan ürəyə qan axınının təmin olunmasında çətinlik yaradan vena klapanlarının zədələnməsi ilə əlaqədardır. Nəticədə qanda durğunluq müşahidə olunur. Levitt qeyd edib ki, bu “xüsusilə 70 yaşdan yuxarı insanlar üçün geniş yayılmış bir xəstəlikdir”.
Ağ Evdən bildirilib ki, Trampda dərin vena trombozu və ya arterial xəstəlik əlamətləri müşahidə olunmayıb.
Əllərindəki göyərmələr isə “tez-tez baş verən əl sıxışmalarının” və Trampın ürək-damar xəstəliklərinin profilaktikası üçün qəbul etdiyi aspirin müalicəsinin “yaxşı məlum olan və zərərsiz” yan təsiri ilə izah olunub.
Yanvarda Tramp ABŞ tarixində prezident vəzifəsinə seçilən ən yaşlı şəxs olub. O, bundan əvvəl dəfələrlə yaşı ilə bağlı tənqid etdiyi sabiq prezident Co Baydeni bu göstəriciyə görə geridə qoyub.
Euronews yazır ki, apreldə Tramp bir neçə ixtisaslı mütəxəssisin iştirakı ilə geniş tibbi müayinədən keçmişdi. Həmin hesabatda venoz çatışmazlıq diaqnozu yer almamışdı.





