Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə “ASAN xidmət”in Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Səyyar ASAN xidmət layihəsi xaricdə yaşayan soydaşların dövlət xidmətlərindən istifadəsini asanlaşdırmaq istiqamətində atılmış mühüm addımlardan biridir. Zəka Muradov bildirib ki, fəaliyyət dairəsini genişləndirən Səyyar ASAN artıq ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarını da əhatə etməyə başlayıb.
Dövlət xidmətlərinin əlçatanlığı artırılır
Şöbə müdiri vurğulayıb ki, əsas məqsəd vətəndaşların harada yaşamasından asılı olmayaraq dövlət xidmətlərindən rahat, sürətli və şəffaf şəkildə yararlanmasını təmin etməkdir:
“Əsas hədəflərimizdən biri heç bir Azərbaycan vətəndaşının dövlət xidmətlərindən kənarda qalmamasıdır. Xaricdə yaşayan soydaşlarımızın ehtiyaclarını nəzərə alaraq bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs dövlət xidmətlərinin daha əlçatan olmasına, operativliyin artırılmasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir.
Diplomat qeyd edib ki, səfirliyin konsulluq şöbəsi bir sıra xidmətlər göstərsə də, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi kimi prosedurlar onun səlahiyyətlərinə daxil deyil.
Yeni təşəbbüslər gündəmdədir
Diasporla İş üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Adil Hüseynov isə bildirib ki, layihə xaricdə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin daha rahat çatdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.
Onun sözlərinə görə, daha əvvəl Türkiyədə yaşayan Azərbaycan vətəndaşları üçün pasport və şəxsiyyət vəsiqələrinin verilməsi, həmçinin yenilənməsi istiqamətində uğurlu layihələr reallaşdırılıb. Adil Hüseynov vurğulayıb ki, gələcəkdə də müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.
Rəsmilər hesab edirlər ki, bu cür layihələr xaricdə yaşayan vətəndaşlarla dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə, onların gündəlik ehtiyaclarının operativ şəkildə həllinə mühüm töhfə verəcək.





