Son dövrlərdə “Red Wolf” adlı haker-aktivist qruplaşmasının beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda da kiberhücumlar həyata keçirmə ehtimalı üzrə xəbərdarlıq verilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkədə bu təhlükəyə qarşı ehtiyatlı olmağı tövsiyə edib.
“TechOwlShield” kibertəhlükəsizlik portalının yayımladığı son hesabatda bildirilir ki, “Red Wolf Cyber Team” adlı haktivist qrup əsasən siyasi motivlərlə fəaliyyət göstərir, dövlət və özəl sektorun rəqəmsal xidmətlərini pozaraq, siyasi mesajlar vermək məqsədi güdür. 2025-ci ildə bu qrupun DDoS hücum kampaniyalarında fəallığı artaraq, Azərbaycanla yanaşı bir sıra digər ölkələri, o cümlədən Fransa, İsrail, İordaniya, Portuqaliya, Bolqarıstan, Hindistan və Avropa İttifaqının rəqəmsal infrastrukturlarını da hədəf alması qeyd edilir.
“Red Wolf” qrupunun 6 avqustda Rusiyanın “NoName057(16)” adlı digər haktivistlərlə ittifaqa girərək Almaniyanın Müdafiə Nazirliyinə qarşı uğurlu DDoS hücumu həyata keçirməsi diqqət çəkir. Bu hücum “Operation Germany” adı altında təşkil edilərək, nazirliyin veb saytının fəaliyyətinin dayandırılması ilə nəticələnib. Eyni zamanda, qrup Almaniyada qadınların işyerində bərabər hüquqlarının və müxtəliflik siyasətinin təbliği üzrə fəaliyyət göstərən “chefinnensache.de” saytını da işə yararsız hala gətirə bilib.
“Red Wolf” hakerlər tərəfindən yayılan sərt siyasi ritorika və təhdidlər, həmçinin ABŞ, Almaniya, Fransa, İsrail və Azərbaycanın daxil olduğu ölkələrə qarşı yönəlmiş sərt cümlələr Avropadakı kibertəhlükəsizlik mütəxəssisləri arasında narahatlıq doğurur.
Bu təhlükələrin qarşısını almaq məqsədilə Dövlət Xidməti istifadəçiləri və müvafiq qurumları yüksək səviyyədə informasiya təhlükəsizliyi tədbirləri görməyə çağırır.





