Futbol üzrə 2025-ci ilin ən yaxşı oyunçusuna verilən “Qızıl Top” mükafatına əsas favoritlər bəlli olub. Ekspertlərin fikrincə, İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah mükafatı qazanmaq şansına ən çox sahibdir.
32 yaşlı futbolçunun qalib gəlmə ehtimalı 22,2% olaraq qiymətləndirilib. İkinci və üçüncü yerlərdə isə Madridin “Real” klubunun ulduzları Vinisius Junior və Kilian Mbappe qərarlaşıb, hər ikisinin qələbə şansı 16,7% olaraq göstərilib.
Favoritlər siyahısında digər tanınmış futbolçular da yer alır. Onların arasında “Barselona”dan Lamin Yamal, Robert Levandovski və Rafinyo, İngiltərə Premyer Liqasından Erlinq Holand (“Mançester Siti”), Koul Palmer (“Çelsi”), həmçinin “Real”ın daha bir oyunçusu Cud Bellingem var.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında “Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri 1 485 mümkün baldan 1 170 bal toplayaraq “Qızıl Top” mükafatını qazanmışdı. O, Vinisiusu (2-ci yer) və Cud Bellingemi (3-cü yer) geridə qoymuşdu.
“Qızıl Top” mükafatı hər il France Football jurnalı tərəfindən ilin ən yaxşı futbolçusuna təqdim edilir və ən nüfuzlu fərdi mükafat hesab olunur. İlk dəfə mükafat 1956-cı ildə təqdim edilib.





