Kliniki ölüm təcrübəsi yaşayan bir qadının hekayəsi ölümə dair məşhur təsəvvürləri yenidən müzakirəyə çıxarıb. 24 dəqiqə ürək fəaliyyəti dayanan Loren Kanadey yaşadıqlarının “işıqlı tunel” və ya “parlaq ağ işıq” kimi təsvirlərlə uyğun gəlmədiyini deyir.
Onun sözlərinə görə, başına gələnlər həyatla bağlı baxışını kökündən dəyişib.
Ürək dayanması və 24 dəqiqəlik sükut
Loren evində qəfil ürək tutması keçirib. Əri dərhal ürək-ağciyər reanimasiyasına başlayıb, daha sonra təcili tibbi yardım briqadası müdaxilə edib. Həkimlərin səyləri nəticəsində qadın təxminən yarım saat sonra həyata qaytarılıb.
O, kliniki ölüm anını belə xatırlayır: “Mən yalnız dərin və izaholunmaz bir sakitlik hiss edirdim. O sakitlik oyandıqdan sonra da həftələrlə mənimlə qaldı”.
Loren deyir ki, bu hiss çətin anlarda ona təsəlli verir. Hətta bəzən huşunu itirdiyi yerə qayıdaraq həmin sakitliyi xatırlamağa çalışır. “Mən artıq ölümdən qorxmuram. Heç nə görmədim, amma narahatlıq da hiss etmədim”, – deyə o bildirir.
“Birinci həyatım bitdi, ikinci başladı”
Qadının sözlərinə görə, yaşadığı hadisə həyatını iki hissəyə bölüb: infarktdan əvvəl və sonrakı dövr. “Sanki ilk həyatım fevralda başa çatdı və mən ikinci həyata oyandım”, – deyə Loren qeyd edir.
O, artıq özünü əvvəlki kimi hiss etmədiyini etiraf edir. “İnsanlar mənə yaxşı göründüyümü deyəndə qəribə gəlir. Çünki mən özümü əvvəlki insan kimi hiss etmirəm”.
Hazırda Loren sinəsində yerləşdirilmiş defibrilyatorla yaşayır. Onun sözlərinə görə, bu cihaz ona hər gün həyatın nə qədər kövrək olduğunu xatırladır. Reanimasiya sonrası bir müddət danışmaq və yazmaqda çətinlik çəksə də, həkimlər onda qalıcı beyin zədəsinin olmadığını və koqnitiv funksiyalarının qorunduğunu bildiriblər.
Loren üçün bu təcrübə qorxu deyil, daxili dəyişimin başlanğıcı olub.
Elmi baxış: kliniki ölüm zamanı nə baş verir?
Mütəxəssislərin sözlərinə görə, kliniki ölüm zamanı ürək fəaliyyəti və qan dövranı dayanır, lakin beyin hüceyrələri bir neçə dəqiqə ərzində hələ də müəyyən aktivlik göstərə bilər.
Bəzi alimlər hesab edirlər ki, “tunel” və ya “parlaq işıq” kimi təsvir olunan hallar beyində oksigen çatışmazlığı, stress hormonlarının kəskin artımı və neyronların qeyri-adi aktivliyi ilə əlaqədar ola bilər.
Son illərdə aparılan tədqiqatlar göstərir ki, ürək dayanmasından sonra qısa müddət ərzində beyində elektrik aktivliyi davam edə bilər.
Bu isə bəzi insanların yaşadıqları hissləri və xatirələri qismən izah edə bilər. Lakin alimlər bildirirlər ki, ölümə yaxın təcrübələrin mexanizmi hələ də tam öyrənilməyib və bu sahədə araşdırmalar davam edir.





