2026-cı il dünya çempionatında E və F qruplarında keçirilən ilk tur oyunları azarkeşlərə həm bolqollu qarşılaşma, həm də dramatik sonluq bəxş edib. Almaniya Kurasao üzərində inamlı qələbə qazanaraq turnirə güclü start verib, Yaponiya isə son dəqiqələrdə vurduğu qolla Niderlandın qələbəsinə mane olub.
Almaniyadan yeddi qolluq nümayiş
Hyustondakı “NRG Stadium”da keçirilən Almaniya – Kurasao qarşılaşması gözlənildiyi kimi favorit komandanın üstünlüyü ilə keçib. Almanlar oyunun əvvəlindən təşəbbüsü ələ alaraq rəqib qapısı qarşısında ardıcıl təhlükəli vəziyyətlər yaradıblar və görüşü 7:1 hesablı qələbə ilə başa vurublar.
Lukas Nmeça erkən qolla hesabı açsa da, Kurasao 21-ci dəqiqədə Ceremi Komenensiyanın dəqiq zərbəsi ilə bərabərliyi bərpa edib. Lakin bundan sonra meydanda yalnız Almaniya millisi söz sahibi olub. Niko Şlotterbek, Camal Musiala, Braun və Deniz Undav fərqlənib, Kayi Haverts isə iki dəfə rəqib qapısına yol taparaq matçın əsas qəhrəmanlarından birinə çevrilib.
Beləliklə, Almaniya mundiala ən parlaq başlayan komandalardan biri kimi diqqət çəkib və E qrupunda ilk turun ardından liderlər sırasında yer alıb.

Yaponiya son dəqiqələrdə məğlubiyyətdən qurtuldu

F qrupunda Niderland və Yaponiya arasında keçirilən görüş isə tamamilə fərqli ssenari ilə yadda qalıb. Texas ştatının Arlinqton şəhərində baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra oyun əsl trillerə çevrilib.
Vircil van Deyk 51-ci dəqiqədə Niderlandı hesabda önə çıxarıb. Lakin Yaponiya cəmi altı dəqiqə sonra Nakamuranın qolu ilə cavab verib. Ronald Kumanın komandası 64-cü dəqiqədə Samervillin dəqiq zərbəsi sayəsində yenidən üstünlüyü ələ alsa da, qələbəni qorumağı bacarmayıb.
Matçın sonlarına yaxın təzyiqi artıran yaponlar 88-ci dəqiqədə Daiçi Kamadanın qolu ilə hesabı bərabərləşdiriblər. Beləliklə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb və hər iki komanda mundiala bir xalla start verib.






