Heydər Əliyev Mərkəzində sentyabrın 23-də III Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının açılış mərasimi keçirilib. Xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfdaşlığı ilə “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forum çərçivəsində reallaşıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan və Türkiyədən alimlər iştirak edirlər. Azərbaycan mədəniyyət naziri Adil Kərimli çıxışında vurğulayıb ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqın mənəvi tərəqqisinə xidmət edib və bu irsin qorunması dövlətimizin prioritetlərindəndir:
“Festival həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından çox önəmlidir.”
Forumun açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik videomüraciətlə çıxış edib. O, Nəsimi irsinin insanlıq mədəniyyəti və mənəviyyatında əvəzsiz yer tutduğunu bildirib. Salim bin Məhəmməd Nəsimi irsinin cəsarət, sorğu və gözəllik ənənəsini canlandırdığını, həmçinin insanları birliyə, sülhə və rifaha çağırdığını xüsusi vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli isə Nəsimi festivalını Azərbaycanın incəsənətinin beynəlxalq təbliğində mühüm hadisə kimi qiymətləndirib:
“Nəsimi yalnız öz dövrünün deyil, gələcək nəsillərin də yol göstəricisidir. Onun yaradıcılığı ədəbi inkişaf və mədəniyyətlərarası dialoqun formalaşmasında əvəzsiz rol oynayıb. Nəsiminin əsərləri yüksək humanist dəyərləri və estetik prinsipləri bir araya gətirərək dünya mədəni irsinin mühüm parçasına çevrilib.”
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor Rafael Hüseynov isə Nəsiminin yaradıcı irsinin zənginliyindən danışaraq bildirib ki, bu irs ədəbiyyatın inkişafı, mədəniyyətlər arasında dialoq və insan düşüncəsinin zənginləşməsi baxımından böyük əhəmiyyətə malikdir. O əlavə edib ki, Nəsimi irsi azad düşüncə, mənəvi yüksəliş və ədalət prinsipini təbliğ edir və gənc nəsillərə ilham verir.
Festival çərçivəsində üç gün ərzində Bakı və Şamaxıda müxtəlif tədbirlər keçiriləcək. Bunlara Nəsimi yaradıcılığı mövzusunda müzakirələr, sərgilər, musiqi proqramları və tamaşalar daxildir. Festivalın ikinci günü Şamaxıda – Nəsiminin vətəni sayılan ərazidə davam edəcək. Nəsimi Bağları Kompleksində sənətçilərin iştirakı ilə bədii təqdimatlar, açıq səma altında Multidissiplinar İncəsənət Festivalı və konsert proqramları təşkil olunacaq.
Qeyd edək ki, Nəsimi festivalı ilk dəfə 2018-ci ildə keçirilib və həmin ildən ICESCO bu festivalın tərəfdaşıdır.





