EvCəmiyyətBakı metrosunda “B-04” stansiyasının tikintisi yeni mərhələyə qədəm qoydu

Bakı metrosunda “B-04” stansiyasının tikintisi yeni mərhələyə qədəm qoydu

“Bakı Metropoliteni” QSC Bənövşəyi xətt üzrə “B-04” stansiyasında tikinti işlərinin növbəti mərhələsinə başlayıb. İşlərin gedişini yaxından izləmək üçün mediatur təşkil olunub.

Hazırda stansiyanın daxili infrastrukturunun qurulmasına başlanılıb. Xidməti sahələr, otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq işləri aparılır. Eskalatorların mərtəbələr üzrə quraşdırılması tamamlanıb, sazlama və test işləri tikintinin son mərhələsində icra olunacaq. Bununla yanaşı, havalandırma və soyutma sistemləri, həmçinin güclü ventilyatorlar quraşdırılır.

Platformaaltı səviyyədə, qrunt sularını yığmaq üçün təxminən 7 metr dərinlikdə 3 xüsusi anbar inşa edilir. Hər quyudan suların çıxarılması üçün suvurma sistemləri və daimi kommunikasiya xətləri çəkilir. Elektrik yarımstansiyası üçün isə dünya istehsalçılarının avadanlıqları quraşdırılmağa başlanılıb.

Sərnişin platforması yeddi vaqonlu qatarların qəbuluna uyğun olaraq 144 metr uzunluqda olacaq. “B-04” stansiyası ilə “8 Noyabr” stansiyası arasında 1010 və 1021 metr uzunluğunda iki tuneldə dəmir yolu xətləri çəkilib. Bu xətlər “Bakı Metropoliteni”nin istehsalı olan dəmir-beton bloklar üzərində salınıb. Tunellərdə işıqlandırma və yüksək gərginlik üçün güc kabellərinin çəkilişi tamamlanıb. Hazırda təmas relslərinin montajı və işarəvermə sistemlərinin quraşdırılmasına hazırlıq işləri davam edir.

Stansiya, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Ümumi uzunluğu 167,7 metr, dərinliyi isə 29-31 metr arasında dəyişir. Dörd mərtəbədən ibarət olan “B-04” stansiyasında 19 eskalator və fiziki imkanları məhdud şəxslər üçün 5 lift quraşdırılacaq. Stansiyanın ümumi 4 giriş-çıxışı nəzərdə tutulur, hazırda ikisinin tikintisi bitirilib, digər iki girişi isə inşaat mərhələsindədir.

Bu layihə ilə “Bakı Metropoliteni”nin istifadəçiləri yeni və müasir infrastrukturla təmin olunacaq, sərnişinlərə daha rahat və təhlükəsiz xidmət göstərilməsi planlaşdırılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər