ABŞ prezidenti Co Bayden oktyabrın 12-də Berlinə səfər edəcək. Bu səfər zamanı o, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə Yaxın Şərq və Rusiya-Ukrayna münaqişələri ilə bağlı geniş müzakirələr aparmağı planlaşdırır.
Daylinews-az xəbər verir ki, bu barədə məlumatı “Agence Franse-Presse” yayıb. Məlumata görə, görüşlərin ardınca liderlər “Rammstein” hərbi bazasına yollanaraq, Ukrayna prezidenti Vladimir Zelenski və 50 tərəfdaş dövlətin iştirakı ilə Ukraynaya hərbi dəstəyin gücləndirilməsi məsələsini müzakirə edəcəklər.
Sözügedən görüşdə Ukraynanın 50 beynəlxalq tərəfdaşı iştirak edəcək. Bu görüşdə Ukraynaya əlavə hərbi yardımların artırılması məsələləri ön planda olacaq. Xüsusilə, bu dəstəyin Rusiya ordusunun hücumlarına qarşı müdafiəni gücləndirmək məqsədilə həyata keçiriləcəyi gözlənilir.
Ağ Evdən bildirilib ki, Baydenin Almaniyaya səfəri zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə də ayrıca görüşlər nəzərdə tutulub. Həmçinin, Ukrayna prezidenti Zelenski ötən görüşlərdə müttəfiqlərin daha çox silah-sursat tədarükünə ehtiyac olduğunu vurğulamışdı.
Bu mühüm görüşlər, həm Yaxın Şərqdəki son vəziyyətin, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün liderlərin səylərinin birləşdirilməsinə yönələcək.