UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci turun oyununda “Qarabağ” klubu möhtəşəm çıxış edərək Bakıda Danimarka təmsilçisi “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda inamlı oyun nümayiş etdirib.
Görüşün taleyini iki fərqli qol həll etdi. İlk hissədə, 28-ci dəqiqədə, komandanın kapitanı Abdullah Zubir hesabı açaraq “Qarabağ”ı irəli çıxarıb. İkinci hissədə isə 83-cü dəqiqədə Emmanuel Addai baxımlı zərbə ilə üstünlüyü iki topa çatdırıb.
Bu nəticə ilə “Qarabağ” əsas mərhələdəki xal sayını 6-ya yüksəldib. Xatırladaq ki, I turda ağdamlılar Portuqaliyada “Benfika”ya 3:2 hesablı qələbə qazanmışdı. Rəqib “Kopenhagen” isə ilk oyunda Almaniyanın “Bayer 04” klubu ilə 2:2 bərabərə qalmışdı.
Matçın idarəsini Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük həyata keçirib.





