Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə rəsmi şəkildə start verilir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququna malik olub.
Daylinews-az.com-in verdiyi məlumata görə, Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) AZSTAND-ın sertifikatlaşdırma orqanını akkreditasiya edib. Bu sertifikat, istehlakçılara halal məhsullar üzrə tələblərin və gözləntilərin qarşılanması, eləcə də istehsal prosesində müvafiq qaydaların tətbiqi üçün şəraitin yaradılmasını təmin etmək məqsədi daşıyır. Həmçinin, halal məhsullarla bağlı etimadın formalaşdırılması və onların dövriyyəsinin stimullaşdırılması nəzərdə tutulur.
Azərbaycan, 2022-ci ildən İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) üzvü olub. AZSTAND, bu qurumun 17 texniki komitəsində təmsil olunur və indiyə qədər halal məhsullar və xidmətlərlə bağlı 6 yeni dövlət standartı qəbul edib. AZSTAND-ın 23 əməkdaşı SMIIC, HAK, Türk Standartlar İnstitutu (TSE) və digər qurumların təşkil etdiyi təlimlərdə iştirak edərək, halal sertifikatlaşdırma və ISO 22000:2018 “Qida təhlükəsizliyi idarəetmə sistemi” üzrə baş auditor sertifikatları alıblar.
Bu addımlar ölkədə halal məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq standartlara uyğunluğunun təmin olunmasına yönəlib.





