Bakının şimal-qərb hissəsində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə iri infrastruktur layihəsinin həyata keçirilməsi planlaşdırılır. Yeni layihə çərçivəsində Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil magistralının tikintisi nəzərdə tutulur.
Məlumata görə, layihə paytaxtın yol-nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsini hədəfləyən 2025–2030-cu illər üzrə dövlət proqramı çərçivəsində reallaşdırılacaq. Yolun istifadəyə verilməsi Mehdiabad, Binəqədi, Masazır və ətraf yaşayış məntəqələrindən şəhər mərkəzinə hərəkət edən nəqliyyat vasitələrinin yükünü əhəmiyyətli dərəcədə azaltmalıdır.
Yeni magistral hansı üstünlükləri yaradacaq?
Hazırda Mehdiabad və Binəqədi istiqamətindən gələn avtomobillər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi və Ziya Bünyadov prospektindən istifadə edir. Bu marşrutlarda, xüsusilə “20 Yanvar” dairəsi ətrafında və əsas qovşaqlarda gün ərzində ciddi tıxaclar müşahidə olunur.
Tikilməsi planlaşdırılan yeni magistral:
- Mehdiabadı birbaşa Ziya Bünyadov prospekti ilə birləşdirəcək;
- Şimal-qərb istiqamətindən gələn nəqliyyat axınını alternativ marşruta yönləndirəcək;
- Heydər Əliyev prospektinə və gələcəkdə 8 Noyabr prospektinə çıxışı təmin edəcək;
- Binəqədi–“20 Yanvar” xəttindəki yükü azaltmağa kömək edəcək.
Layihə çərçivəsində Binəqədi–Novxanı yoluna çıxışın da yenidən qurulması nəzərdə tutulur. Bu isə sürücülərin daha qısa və fasiləsiz marşrutlardan istifadə etməsinə imkan verəcək.
Tramvay xətti üçün də yer ayrılacaq
Layihənin diqqət çəkən məqamlarından biri gələcək ictimai nəqliyyat ehtiyaclarının da nəzərə alınmasıdır. Magistralın layihə profilində ayrıca tramvay xətti üçün xüsusi zolağın ayrılması planlaşdırılır. Bu addım uzunmüddətli perspektivdə Bakıda alternativ və ekoloji nəqliyyatın inkişafına xidmət edəcək.
Yeni yol istifadəyə verildikdən sonra Sumqayıt, Xırdalan, Masazır, Mehdiabad, Pirşağı və Fatmayı istiqamətlərindən şəhərin cənub hissəsinə hərəkət edən sürücülər “20 Yanvar” dairəsinə daxil olmadan daha rahat marşrutlardan istifadə edə biləcəklər.





