Azərbaycanda telefon və onlayn fırıldaqçılıq hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə şübhəli nömrələrin daha sürətli bloklanmasını təmin edəcək yeni mexanizmlər üzərində iş aparılır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.
Onun sözlərinə görə, son illərdə vətəndaşlara özünü bank əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən edilən zənglərin sayı artıb. Dələduzlar kart məlumatlarını əldə etmək və ya vəsaitlərin təhlükədə olduğu görüntüsünü yaratmaqla insanları aldadmağa çalışırlar. AMB nəzdində fəaliyyət göstərən FinCERT və anti-fraud komandalarının əsas məqsədi isə bu halların qarşısını vaxtında almaq və müxtəlif qurumlar arasında koordinasiyanı təmin etməkdir.
“Qara siyahı” sistemi necə işləyir?
Elnur Eyvazlı qeyd edib ki, maliyyə sektorunda riskli hesab edilən əməliyyatlar əsasında xüsusi “blacklist” və “graylist” bazaları formalaşdırılır. Şübhəli əməliyyat vaxtında aşkar edilərək vəsaitin dondurulması mümkün olduqda, bu, uğurlu nəticə hesab olunur.
Onun sözlərinə görə, araşdırmalar zamanı əsas diqqət zənglərin və ya mesajların mənbəyinin müəyyən edilməsinə yönəldilir. Dələduzluq cəhdləri adi mobil nömrələr, qısa xidmət nömrələri, IP telefoniya və ya müxtəlif mesajlaşma tətbiqləri vasitəsilə həyata keçirilə bilər.
Süni intellekt fırıldaqçılıqla mübarizədə kömək edəcək
AMB rəsmisi bildirib ki, qurumun səlahiyyətləri əsasən maliyyə sektoru ilə məhdudlaşsa da, operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla əməkdaşlıq genişləndirilir. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq mexanizmləri qurulub.
Gələcək mərhələdə GSM operatorları ilə əlaqələrin daha da gücləndirilməsi planlaşdırılır. Məqsəd şübhəli nömrələr barədə məlumat daxil olduqdan sonra onların qısa müddətdə bloklanması və ya fəaliyyətinin məhdudlaşdırılmasıdır.
Eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi də maliyyə təhlükəsizliyində yeni imkanlar açır. Əvvəllər risklər əsasən əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında aşkarlanırdısa, indi anomaliyaların müəyyənləşdirilməsində ağıllı alqoritmlərdən istifadə imkanları genişlənir. Bu isə həm dələduzluq cəhdlərinin daha tez aşkarlanmasına, həm də vətəndaşların maliyyə vəsaitlərinin qorunmasına kömək edə bilər.





