Rəqəmsal texnologiyaların inkişafı ilə dələduzluq üsulları da getdikcə daha təhlükəli və hiyləgər forma alır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, heç bir halda bank kartı məlumatlarını – PIN, CVV, parol, SMS kod və s. – üçüncü şəxslərə verməməyi tövsiyə edir. Qurumun xəbərdarlığına görə, hətta bank əməkdaşları və ya digər rəsmi təşkilatların nümayəndələri belə bu məlumatları sizdən tələb edə bilməz.
Təhlükə əsasən mesaj və zənglərlə gəlir: “Bankdandır, kodu təcili verin”, “endirim üçün linki paylaşın”, “uğurlu kupon qazanmısınız, kodu göndərin”, “kartınız bloklanacaq – təsdiq üçün linkə keçin”, “hesabınıza pul köçürülüb – qəbul üçün məlumatı daxil edin”, “adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin” kimi şablonlarla vətəndaşlar aldadılır və məlumatları oğurlanır.
Vətəndaşlara tövsiyə olunur:
- Hər hansı şübhəli mesaj və ya link aldıqda dərhal bankınız və DİN-in “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlayın.
- Heç bir halda şübhəli keçidlərə daxil olmayın.
- Şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmayın.
Çünki bir yanlış kliklə bank hesabınızdan vəsaitləriniz oğurlana bilər.





