EvSiyasətAzərbaycan ABŞ-la “Tramp marşrutu” layihəsinin sürətləndirilməsində maraqlıdır

Azərbaycan ABŞ-la “Tramp marşrutu” layihəsinin sürətləndirilməsində maraqlıdır

19 noyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh prosesi və regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub.

Avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar xatırladılıb və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı səylərin vacibliyi vurğulanıb. Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məsələləri də ətraflı müzakirə mövzusu olub.

Xüsusilə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin işlərinin sürətləndirilməsində Azərbaycan tərəfindən böyük maraq göstərilib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması və bununla bağlı Strateji İşçi Qrupun fəaliyyət istiqamətləri müzakirə olunub. Eyni zamanda ikitərəfli əməkdaşlıq üçün institusional çərçivənin yaradılmasının önəmi vurğulanıb.

Cənubi Qafqazda sülh və sabitlik mövzuları, habelə qarşıdakı dövr üçün ikitərəfli və çoxtərəfli platformalarda planlaşdırılan fəaliyyət istiqamətləri də diqqət mərkəzində olub.

Ceyhun Bayramov normallaşma prosesində atılan addımlar və post-münaqişə dövründə həyata keçirilən bərpa işləri barədə məlumat verib. Görüşdə Yaxın Şərqdəki vəziyyət və digər region məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər