Türkiyənin tanınmış estrada ifaçısı Rza Tamer vəfat edib. Məlumata görə, sənətçinin səhhəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Müğənninin mətbuat katibi xəbəri təsdiqləyərək bildirib: “Onun ölüm xəbərini cəmi bir neçə dəqiqə əvvəl aldım, hələ də özümə gələ bilmirəm”.
“Popstar”dan gələn məşhurluq
Rza Tamer 2000-ci illərin əvvəllərində yayımlanan “Popstar” musiqi yarışması ilə tanınıb. O, xüsusilə “Benden sonra” mahnısı ilə geniş auditoriyanın diqqətini çəkərək karyerasında mühüm uğur əldə edib.
Son illərdə daha az görünməsinə baxmayaraq, ifaçı müxtəlif regional konsertlər və layihələrlə fəaliyyətini davam etdirirdi.
Rza Tamer ötən ilin iyun ayında Bakıda planlaşdırılan konsertini ləğv etməsi ilə də gündəmə gəlmişdi. O zaman ifaçı qərarını Azərbaycanda ödənişlərdə Türkiyə lirəsindən istifadə edə bilməməsi ilə əlaqələndirmişdi. Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.
Onun gözlənilməz vəfatı sənət dünyasında böyük itki kimi dəyərləndirilir. Həmkarları və pərəstişkarları sosial şəbəkələrdə mərhum ifaçı ilə bağlı xatirələrini bölüşərək ona ehtiramlarını bildirirlər.





