Hollivudun əfsanəvi simalarından biri olan Cek Nikolson uzun müddətdən sonra yenidən ictimaiyyət qarşısında görünüb. 89 yaşını qeyd edən aktyorun son görüntüləri onun səhhəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Kino dünyasında “Parıltı” (“The Shining”) və digər məşhur filmlərdəki rolları ilə tanınan Nikolson illərdir mediadan uzaq həyat sürür. Sosial şəbəkələrdə yayılan son videoda aktyorun oteldən çıxaraq avtomobilə mindiyi anlar əks olunub.
Aktyorun vəziyyəti necədir?
Kadrlardan görünür ki, Nikolson artıq əvvəlki kimi sərbəst hərəkət edə bilmir. O, yeriyərkən əsadan istifadə edir, addımlarını ehtiyatla atır və yanında olan şəxslərin köməyinə ehtiyac duyur. Xüsusilə avtomobilə minərkən ona dəstək göstərilməsi diqqətdən yayınmayıb.
Son illərdə aktyorun ictimai tədbirlərdə demək olar ki, görünməməsi onun sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələri artırmışdı. Rəsmi açıqlama olmasa da, yaxın çevrəsindən yayılan məlumatlara görə, o, ailəsinin nəzarəti altında sakit və qapalı həyat tərzi keçirir.
Məlumatlara əsasən, Nikolsonun fiziki durumu nisbətən sabit qalsa da, onun yaddaş və digər koqnitiv funksiyalarında çətinliklər müşahidə olunur. Buna görə də aktyorun gündəlik həyatı daha çox yaxınlarının dəstəyi ilə davam edir.
Qeyd edək ki, Cek Nikolson kino tarixində ən çox “Oskar” nominasiyası alan aktyorlardan biridir. O, ümumilikdə 12 dəfə bu mükafata namizəd göstərilib və Hollivudun ən təsirli simalarından biri hesab olunur.





