EvTexnologiyalarAzərbaycan kibertəhlükəsizlikdə sıçrayış etdi: reytinqdə 21 pillə irəli

Azərbaycan kibertəhlükəsizlikdə sıçrayış etdi: reytinqdə 21 pillə irəli

Qlobal kibertəhlükəsizlik səviyyəsini ölçən “National Cybersecurity Index” (NCSI) üzrə yeni nəticələr açıqlanıb və Azərbaycan üçün diqqətçəkən irəliləyiş qeydə alınıb.

2025–2026-cı illəri əhatə edən hesabatda ölkənin ümumi göstəricisi 75,83 baldan 83,33 bala yüksəlib. Bu artım nəticəsində Azərbaycan beynəlxalq reytinqdə 52-ci pillədən 31-ci yerə qalxaraq 21 pillə irəliləyib. Ekspertlər bu nəticəni son illərdə həyata keçirilən sistemli islahatların məntiqi nəticəsi kimi qiymətləndirirlər.

İslahatlar və institusional dəyişikliklər əsas rol oynayıb

İKT üzrə mütəxəssis Osman Gündüz bildirib ki, yeni nəticələr əvvəlki illərlə müqayisədə daha real mənzərəni əks etdirir:

“Düşünürəm ki, bu dəfə nəticələr əvvəlki illərlə müqayisədə daha çox reallığı əks etdirir. Çünki son illərdə bu sahədə həm hüquqi baza, həm institusional struktur, həm də əməli fəaliyyət baxımından ciddi dəyişikliklər baş verib”.

Onun sözlərinə görə, son 3–4 ildə Dövlət Təhlükəsizliyi Xidmətinin bu sahəyə sistemli şəkildə cəlb olunması mühüm dönüş nöqtəsi olub. Eyni zamanda, Azərbaycanın kibercinayətkarlığa qarşı qlobal konvensiyanın hazırlanmasında fəal iştirakı və bu sənədi qəbul edən ilk ölkələrdən biri olması diqqət çəkir. Elektron sübutlarla bağlı qanunvericiliyin gücləndirilməsi də reytinqdə yüksəlişə təsir edən əsas amillərdən sayılır.

DTX nəzdində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Mərkəzinin rolu da xüsusi vurğulanır. Son illərdə dövlət qurumlarının informasiya təhlükəsizliyinin artırılması, kritik infrastrukturun qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Təhsil və texnologiya sahəsində əməkdaşlıq nəticə verir

Ekspert qeyd edir ki, kibertəhlükəsizlik sahəsində irəliləyiş təkcə hüquqi və institusional dəyişikliklərlə məhdudlaşmır:

“Elm və Təhsil Nazirliyinin bu qurumlarla birgə ümumi təhsilin müxtəlif səviyyələrində onlayn təhlükəsizlik üzrə kompetensiyaları kurikuluma daxil etməsi də bu sahəyə mühüm töhfə verib”.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bank arasında kibercinayətkarlığa qarşı real vaxt rejimində işləyən mexanizmlərin qurulması, kibergigiyena üzrə maarifləndirmə tədbirlərinin genişləndirilməsi və ictimai institutların güclənməsi də sektorda müsbət dinamikanı gücləndirib.

Son illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin Technion Universiteti ilə birgə həyata keçirdiyi layihələr, ali məktəblərdə kibertəhlükəsizlik üzrə ixtisasların genişləndirilməsi və yeni institutların yaradılması da kadr potensialının artırılmasına xidmət edib.

Qeyd edək ki, “National Cybersecurity Index” e-Governance Academy tərəfindən hazırlanır və ölkələrin kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyəsini təxminən 40-dan çox göstərici əsasında qiymətləndirir. İndeks dövlət siyasəti, qanunvericilik, texniki imkanlar və insidentlərə reaksiya qabiliyyətini kompleks şəkildə analiz edir.

Azərbaycan kibertəhlükəsizlikdə sıçrayış etdi: reytinqdə 21 pillə irəli
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər