Quba Soyqırımı Memorial Kompleksinin ətrafında müasir standartlara uyğun yeni istirahət parkının və yaşıllıq zonasının yaradılması planlaşdırılır. Layihə həm yerli sakinlərin, həm də bölgəyə gələn turistlərin rahatlığını artırmaq məqsədi daşıyır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun nümayəndəsi, tarixçi alim Qəhrəman Ağayev açıqlama verib. Onun sözlərinə görə, təşəbbüs Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən irəli sürülüb və artıq ilkin prosedurlar həyata keçirilməyə başlanılıb.
Ərazi araşdırılıb, risk yoxdur
Layihəyə əsasən, parkın memorial kompleksin qarşısında, mövcud avtomobil dayanacağının sağ tərəfində salınması nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlara rəsmi müraciət olunub və ərazidə mütəxəssislərin iştirakı ilə baxış keçirilib.
Qəhrəman Ağayev bildirib ki, aparılan araşdırmalar nəticəsində planlaşdırılan ərazinin əvvəllər aşkarlanmış kütləvi məzarlıq zonasına aid olmadığı müəyyən edilib:
“2007-ci ilin aprelindən 2008-ci ilin sentyabrına qədər burada geniş arxeoloji qazıntılar aparılıb. Həmin tədqiqatlar zamanı 1918-ci ildə Quba qəzasında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların izləri aşkar olunub və bu faktlar elmi əsaslarla təsdiqlənib”.
Alim qeyd edib ki, qazıntılar ümumilikdə 494 kvadratmetr sahəni əhatə edib. Bundan əlavə, beynəlxalq səviyyədə sübut kimi istifadə olunması üçün 20 kvadratmetrlik ərazi toxunulmaz saxlanılıb.
Layihə turistlər üçün yeni imkanlar yaradacaq
Mütəxəssislərin rəyinə əsasən, yeni parkın salınacağı ərazi qorunan sahəyə daxil deyil və burada insan qalıqları aşkarlanmayıb. Bu barədə rəsmi sənədlərin hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcəyi bildirilib.
Rəylər tamamlandıqdan sonra layihənin icrasına start veriləcək. Yeni parkın yaradılması memorial kompleksə gələn ziyarətçilər üçün əlavə rahatlıq təmin etməklə yanaşı, bölgənin turizm cəlbediciliyini də artıracaq.





